İçməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə periodik nəzarət olunur. Tәhlükәsizliyiyә vә keyfiyyәtә nәzarәt su mənbələrində aparılan laborator müayinələr ilə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə müayinә olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Su nümunələri müxtəlif nöqtələrdən - mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə və digər obyektlərdən götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir.
Su nümunələrinin müayinәlərinin nəticələri qeyri-məqbul hesab edildikdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidmәtinin müvafiq şöbəsinə məlumat verilir və içməli suyun verilməsi dayandırılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Yenidən dezinfeksiya və təmizlənmə işləri aparıldıqdan sonra içməli suyun bir daha analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu halda içməli suyun şəbəkəyə verilməsi bərpa olunur.
Hazırda Bakı şəhərində yaranan tullantı suları Hövsan, Sahil, Buzovna, Mərdəkan-Şüvəlan və Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Adıçəkilən qurğuların hər birində təmizləmə prosesinə nəzarət etmək üçün laboratoriyalar fəaliyyət göstərir. Təmizlənmiş tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərinin normaları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa İttifaqının birgə qəbul etdiyi 91/27 EES direktivi ilə müəyyənləşdirilmişdir. Tullantı suları təmizlənərkən aşağıdakı göstəricilər nəzarətdə saxlanılır:
Asılı maddәlәr, Hәll olunmuş oksigen, temperatur, pH, OKT (vә ya oksigenә kimyәvi tәlәbat), OBT5 (vә ya oksigenә bioloji tәlәbat), Neft mәhsulları, Sәthi aktiv maddәlәr, Piylәr, Quru qalıq, Xloridlәr, Ammonium duzları, Fosfatlar, Nitritlәr, Nitratlar, Sulfatlar, Metallar, Mikrobioloji göstәricilәr vә Lil müayinәlәri