Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi üzrə Niyyət Bildirişinin (EOI) təqdim edilməsinə dəvət
24 İyul, 2026 | 21:04
Bakı şəhərində çirkab suların təmizlənməsi infrastrukturunun müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və dövlət proqramları çərçivəsində irimiqyaslı layihələr həyata keçirilir.
Bu layihələrin mühüm tərkib hissələrindən biri Hövsan Aerasiya Çirkab Suların Təmizlənməsi Qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğunun yaradılması layihəsidir. Layihə dövlət-özəl tərəfdaşlığı (DÖT) modeli əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.
Bu məqsədlə ADSEA və İqtisadiyyat Nazirliyi layihənin icrası üzrə satınalma prosesinə başlayır. Satınalma prosesinin hazırlanması və həyata keçirilməsinə Asiya İnkişaf Bankı (AİB) texniki məsləhətçi qismində dəstək göstərir.
Bakı şəhərindən təxminən 15 kilometr şərqdə yerləşən Hövsan Aerasiya Stansiyası ölkənin ən böyük tullantı su təmizləmə qurğusudur və paytaxt ərazisində yaranan tullantı sularının əhəmiyyətli hissəsini qəbul edərək təmizləyir. Layihə çərçivəsində mövcud qurğunun bərpası və müasir texnologiyalar əsasında yenidən qurulması, həmçinin təmizlənmiş çirkab suların təkrar istifadəsi üçün yeni istehsal güclərinin yaradılması nəzərdə tutulur.
Layihənin icrası nəticəsində çirkab suların təmizlənməsinin keyfiyyəti və səmərəliliyi artırılacaq, təkrar istifadə olunan suyun həcmi genişləndiriləcək, alternativ su mənbələrinin formalaşdırılmasına töhfə veriləcək və ölkənin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sına uyğun olaraq, su ehtiyatlarından dayanıqlı istifadə gücləndiriləcəkdir.
ADSEA və İqtisadiyyat Nazirliyi bu layihənin həyata keçirilməsi üçün yerli və beynəlxalq təcrübəyə malik ixtisaslaşmış şirkətləri və konsorsiumları "Layihələndir–Tik–Maliyyələşdir–İstismar et–Təhvil ver" (DBFOM) modeli üzrə əməkdaşlığa dəvət edir!
Seçiləcək özəl tərəfdaş mövcud Hövsan ÇSTQ-nin təmiri, maliyyələşdirilməsi, istismarı və texniki xidmətini, eyni zamanda təkrar emal olunmuş su istehsalı qurğusunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmətini həyata keçirəcək.
Maraqlı tərəflər (potensial investorlar) Niyyət Bildirişini(EOI) əlavə edilmiş müraciət formasına uyğun dolduraraq 21 avqust 2026-cı il tarixinədəkppp@economy.gov.az elektron poçt ünvanına təqdim etməlidirlər.
Layihə barədə daha ətraflı məlumat əlavə edilmiş Layihə Təqdimatısənədində əks olunub.