Quba şəhərində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə regional müşavirə təşkil olunub
Quba şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə regional müşavirə təşkil olunub.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və digər dövlət rəsmiləri iştirak ediblər.
Tədbirdə iştirak edən Zaur Mikayılov çıxışında bildirib ki, kənd təsərrüfatı sektoru ölkənin ümumi su istehlakının təxminən 70-75 faizini təşkil edir. O qeyd edib ki, aqrar sahənin dayanıqlı inkişafı üçün su ehtiyatlarının səmərəli idarə olunması, müasir suvarma texnologiyalarının tətbiqi və su təminatının etibarlılığının artırılması əsas prioritetlərdəndir.
Çıxış zamanı 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində su infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması və rəqəmsal idarəetmə sistemlərinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi vurğulanıb.
Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.