“Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi”nin Təsis Konfransı keçirilib

16 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi”nin Təsis Konfransı keçirilib.

Konfransda Agentliyin sədr müavini İlqar Gülməmmədov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Agentliyin struktur bölmələrini təmsil edən ilk həmkar təşkilatlarının nümayəndələri yer alıblar.

İlk həmkar təşkilatlarının müraciəti əsasında Agentlik üzrə vahid həmkarlar ittifaqı komitəsinin yaradılması məsələsi müzakirəyə çıxarılıb və səsvermə keçirilib. Ümumi səsvermənin nəticələrinə əsasən, Agentlik üzrə vahid komitənin yaradılması barədə qərar qəbul olunub.
Gündəlikdəki ikinci məsələ üzrə Komitənin 9 nəfərdən ibarət Rəyasət Heyəti, 3 nəfərdən ibarət Təftiş Komissiyası, sədr və sədr müavini seçilib. Səsvermənin yekunlarına uyğun olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ümumi şöbəsinin istehlak xidməti və protokol sektorunun müdiri Hafiz Məmmədov Komitənin sədri, Maliyyə və təminat şöbəsinin təsərrüfat sektorunun müdiri Seymur Məmmədov isə sədr müavini seçilib. Eyni zamanda, Agentliyin Aparatından və tabeli qurumlardan nümayəndələr Komitənin üzvləri kimi təsdiq ediliblər.

Yeni yaradılan Komitənin əsas məqsədi Agentlik əməkdaşlarının əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini təmin etmək, onların sosial rifahının yüksəldilməsinə töhfə vermək, eləcə də işçi–işəgötürən münasibətlərinin sağlam və konstruktiv əsaslarda qurulmasına dəstək göstərməkdir.

Digər