Şərur şəhərində Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub
Şərur şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov və digər dövlət rəsmiləri iştirak ediblər.
Tədbirdə iştirak edən İlham Bayramov bildirib ki, yeni Dövlət Proqramı, həmçinin bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflər dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin, sahibkarların və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti nəticəsində uğurla icra olunacaq, Naxçıvan Muxtar Respublikasının aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq və ölkəmizin ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcəkdir.
Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.