ADSEA sədri Bakıda keçirilən Ərəb Koordinasiya Qrupunun Yüksəksəviyyəli Dəyirmi Masasında iştirak edib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakıda keçirilən Ərəb Koordinasiya Qrupunun Yüksəksəviyyəli Dəyirmi Masasında iştirak edib.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının və beynəlxalq maliyyə institutlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun rəhbəri Valed Əl-Bahar çıxış edərək, Azərbaycanla mövcud etibarlı tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirib və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində regionun iqtisadi mənzərəsini formalaşdıran sərmayə imkanları, işğaldan azad edilmiş ərazilərin investisiya potensialı, strateji infrastruktur layihələri və birgə maliyyələşmə perspektivləri müzakirə olunub.
Eyni zamanda dayanıqlı inkişafın təmin olunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ortaq rifahın təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Dəyirmi masa çərçivəsində, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də çıxışlar ediblər.