ADSEA tərəfindən Qasımbəyli kəndində su təchizatı yenidən qurulub

 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurularaq kənd əhalisinin dayanıqlı içməli su ilə təminatı tam şəkildə həyata keçirilib.
 
Bu münasibətlə Qasımbəyli kəndində açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, İcra Hakimiyyətinin və Agentliyin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
 
Çıxışlar zamanı bildirilib ki, Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sistemindən istifadə olunub. Layihə çərçivəsində 40–100 mm diametrli, ümumi uzunluğu 8,7 km olan kənddaxili su şəbəkəsi inşa edilib və 140 abonent evlə birləşdirilib. Suyun dəqiq uçotunun aparılması və qənaətli istifadənin təmin edilməsi məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz olunub.
 
Qeyd edək ki, Qasımbəyli kəndində 438 nəfər əhali yaşayır və onların sutkalıq 100 kubmetr həcmində içməli su tələbatı yeni yaradılmış şəbəkə vasitəsilə tam qarşılanacaq.
Kənd sakinləri bu günü səbirsizliklə gözlədiklərini bildirərək yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
 
Xatırladaq ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə vasitəsilə təmin olunur. Şəhər ərazisində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43,6 km su şəbəkəsi, 39,4 km kanalizasiya şəbəkəsi, həmçinin məhsuldarlığı 3000 kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi fəaliyyət göstərir.
 

Digər