"Azərbaycanın su siyasəti strateji prinsiplərə əsaslanır və qəbul olunmuş Milli Su Strategiyası yaxın onilliklər üçün aydın hədəflər müəyyənləşdirir"

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Milli Su Strategiyası su ehtiyatlarının ədalətli və rasional idarə edilməsini, infrastrukturun müasirləşdirilməsini, rəqəmsal texnologiyaların tətbiqini, alternativ və dayanıqlı su mənbələrinin inkişafını, həmçinin elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Panel müzakirələrində həmçinin Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış ediblər.

Tədbiri açıq elan edən sədrin birinci müavini Xəyyam Məmmədov çıxışı zamanı qeyd edib ki, su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

“Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin su qıtlığı və iqlim dəyişikliyi kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans da məhz belə bir platformadır – burada səslənən ideyalar və irəli sürülən təkliflər gələcək addımlarımıza istiqamət verəcək.”

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında su ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayaraq deyib:“İqlim dəyişkənliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq, su və torpaq resurslarından daha səmərəli istifadə etmək üçün təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir. Dövlət tərəfindən müasir suvarma avadanlıqlarının dəyərinin 40 faizi subsidiyalaşdırılır, bu avadanlıqlar əlavə dəyər vergisindən azaddır. Bu ildən isə müasir suvarma sistemləri vasitəsilə suvarma aparılan əkin sahələrinə görə fermerlərə 60 manat əlavə subsidiya ödənilir.”

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev panel ssesiyası zamanı qeyd edib ki, hər il dağlarımızda qar ehtiyatları azalır, buzlaqlar əriməyə məruz qalır: “İqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada həmin proses gedir. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik.”

Digər