10–12 sentyabr tarixlərində Bakı yenidən qlobal su gündəminin mərkəzindədir.
2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində dövlət qurumları, beynəlxalq şirkətlər, ekspertlər və peşəkar ziyarətçilər Bakı Su Həftəsinə toplaşır.
Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı keys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiya keçiriləcək.
Qeyd edək ki, sərgidə 60-dan çox beynəlxalq şirkət iştirak edir. Onların sırasında Almaniya, ABŞ, Böyük Britaniya, İsrail, İsveçrə, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur və digər ölkələrin nümayəndə heyətləri var. Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan “ACWA Power” “Baku Water Week”in baş sponsoru qismində çıxış edir.