Bərdənin Güloğlular kəndində 712 fərdi yaşayış evi içməli su ilə təmin olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Bərdə rayonunun Güloğlular kəndində içməli su təchizatının yaradılması münasibətilə mərasim keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, eləcə də Agentliyin və rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, Güloğlular kənd sakinləri bu gündən etibarən keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Layihə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilib.

Əhalinin keyfiyyətli içməli suya çıxışını təmin etmək məqsədilə mövcud subartezian quyusu bərpa olunub. Quyudan çıxan suyun cod olması nəzərə alınaraq, gündəlik 50 kubmetr məhsuldarlığa malik membran texnologiyalı tərs-osmos tipli modul sutəmizləyici qurğu quraşdırılıb. Emal edilən suyun əhaliyə çatdırılması üçün 1,5 km uzunluğunda su xətti çəkilib. Eyni zamanda suyun təhlükəsizliyinin təmin edilməsi üçün zərərsizləşdirmə sistemi də qurğuda nəzərdə tutulub.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi, ümumilikdə isə 3178 nəfər sakin içməli su ilə təmin olunub.

Digər