“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası onlayn formatda baş tutub.
İclası giriş sözü ilə açan Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev gündəlikdə yer alan məsələlər barədə məlumat verib. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov ötən dövr ərzində görülmüş işlər haqqında iclas iştirakçılarını məlumatlandırıb.
Vüsal Şıxəliyev çıxışında su şəbəkəsinə qoşulma sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirib, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində əldə edilən nailiyyətlərə diqqət çəkib. O, Prezident tərəfindən imzalanmış Qanun və Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Qaydalara əsasən, vətəndaşların su şəbəkəsinə 3 prosedur və 30 gün ərzində qoşulmasının tam mümkün olduğunu vurğulayıb.
Komissiya katibliyinin rəhbəri əlavə edib ki, həyata keçirilən yeni islahatlar Dünya Bankı Qrupuna təqdim olunub və “Su şəbəkəsinə qoşulma” sahəsində əhəmiyyətli irəliləyişlər üçün imkanlar mövcuddur. O, qoşulma prosesində iştirak edən sahibkarlar arasında müstəqil ekspertlər tərəfindən sorğuların keçirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd edib.
İclasın gündəliyinə uyğun olaraq, “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın tələblərinə əsasən daxil olmuş müraciətlərin icra vəziyyəti barədə təqdimat iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, qoşulma prosesində yarana biləcək çətinliklərin aradan qaldırılması yolları müzakirə olunub.
Həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru üzrə 2025-ci il üçün nəzərdə tutulmuş Yol Xəritəsində əks olunan tədbirlərin icra vəziyyəti təqdim edilib.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul şəxsləri, işçi qrupuna üzv olan aidiyyəti qurumların nümayəndələri, müstəqil ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, “Caspian Energy Club”ın nümayəndələri və sahibkarlar iştirak ediblər.