Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun nəzdində yaradılmış Təlim və İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilib
06 İyun, 2025 | 14:57
Su ehtiyatlarının idarə olunmasında peşəkar hazırlıq mərhələsi genişlənir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun nəzdində yaradılmış Təlim və İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Mərkəzin ölkədə su ehtiyatlarının davamlı və səmərəli idarə olunması sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edək ki, təlim və İnnovasiyalar Mərkəzinin yaradılmasında əsas məqsəd insan resurslarının bilik və bacarıqlarını artırmaq, su idarəçiliyi sahəsinə innovativ yanaşmaların tətbiqinə şərait yaratmaqdır.
Mərkəz müasir tədris infrastrukturu ilə təmin olunub. Burada təlim otaqları, laboratoriyalar, kitabxana, idman zalı və yataqxana fəaliyyət göstərir.
Həmçinin hidrotexniki qurğularla təchiz olunmuş poliqon sahəsi və ekopark vasitəsilə təlim iştirakçılarına praktiki bilik və bacarıqların mənimsənilməsi üçün geniş imkanlar yaradılıb. Eyni anda yüzlərlə iştirakçının tədris alması mümkündür.
2025-ci il ərzində Mərkəzdə su ehtiyatlarının idarə olunması, içməli suyun emalı, tullantı sularının idarə edilməsi, iqlim dəyişikliklərinə uyğunlaşma və digər aktual mövzuları əhatə edən təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.