"Zəfər kuboku” minifutbol turnirinin qalibləri müəyyənləşib

"Zəfər kuboku” minifutbol turnirinin qalibləri müəyyənləşib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunan minifutbol üzrə II “Zəfər kuboku” turniri başa çatıb.

Oktyabrın 4-də start götürən turnirdə Birliyin üzv təşkilatlarını təmsil edən 16 komanda mübarizə aparıb. Final qarşılaşmasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) komandası ilə Agentliyin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Suraxanı Rayon Sukanal İdarəsinin komandası üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən və tamaşaçıların böyük marağına səbəb olan final oyunu ADSEA komandasının 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Yekun nəticələrə əsasən, ADSEA-nın komandası turnirin qalibi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Suraxanı Rayon Sukanal İdarəsinin komandası ikinci, Xidmətin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin komandası isə üçüncü yeri tutub.

Turnirin sonunda qalib komandalara kubok və medallar təqdim olunub. Həmçinin “Ən məhsuldar oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə fərqlənən iştirakçılar mükafatlandırılıblar.

Digər