Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramovun "APA-Economics"ə WUF13 çərçivəsində müsahibəsi
Su təchizatının yaxşılaşdırılması üzrə işlərə başlanılıb
- 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dayanıqlı şəhər mühitində su ehtiyatlarının idarə olunması yanaşmasını necə dəyişir? Xüsusilə, “Bakı şəhərinin 2026-2035-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində su-kanalizasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində hansı mühüm addımlar atılıb və bu layihələr şəhərin genişlənmə sürətinə necə uyğunlaşdırılır?
- İlk öncə qeyd etmək istərdim ki, son 45–50 il ərzində Bakı şəhəri və Abşeron yarımadasında əhali sayı və məskunlaşma səviyyəsi iki dəfədən çox artıb. Təbii ki, artan əhalinin içməli su ilə təminatı istiqamətində müstəqillik dövründə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında mühüm layihələr həyata keçirilib. Bu layihələr Bakı və Abşeron yarımadasının su təminatının gücləndirilməsinə ciddi töhfə verib.
Tullantı və yağış suları infrastrukturunun yenilənməsi isə geniş təhlillər, qiymətləndirmə və planlaşdırma işləri tələb edən məsələdir.
Bildiyiniz kimi, Bakı şəhərinin Baş Planı təsdiq olunduqdan sonra artıq yağış və tullantı suları infrastrukturunun, həmçinin su mənbələrinin və su təminatının artırılması ilə bağlı Dövlət Proqramı hazırlandı və qeyd etdiyiniz kimi, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edildi.
Dövlət Proqramı çərçivəsində həm içməli su təchizatının yaxşılaşdırılması, həm də tullantı və yağış sularının idarə olunması infrastrukturunun gücləndirilməsi, eyni zamanda, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Layihə çərçivəsində 12 istiqamət üzrə ümumilikdə təxminən 345 kilometr uzunluğunda yeni kanalizasiya və yağış kollektorlarının tikintisi planlaşdırılır. Bu layihələrdən artıq yeddisinin icrasına başlanılıb və işlər hazırda davam etdirilir.
Eyni zamanda Bakı şəhərində bir neçə yeni su təmizləyici qurğu kompleksinin tikintisi və yenidən qurulması nəzərdə tutulur. Həmin layihələrdən biri də yenidən qurulması planlaşdırılan Hövsan Aerasiya Qurğusudur.
Hövsan Aerasiya Qurğusunun yenidən qurulması layihəsi üzrə texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması məqsədilə Asiya İnkişaf Bankı ilə birgə işlər həyata keçirilib. Layihə çərçivəsində qurğunun tam şəkildə yenidən qurulması nəzərdə tutulur.
Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək. Nəticədə su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq.
Eyni zamanda, Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur.
Dövlət Proqramının icrası nəticəsində su mənbələrinin optimallaşdırılması hesabına Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatının 8,2 kubmetr/saniyə artırılması, sayğaclaşma səviyyəsinin 100%-ə çatdırılması, eləcə də su itkilərinin 20%-ə endirilməsi planlaşdırılır.
Su itkilərinə qarşı mübarizə strategiyası hazırlanıb
- Su itkilərinin azaldılması və qanunsuz qoşulmaların qarşısının alınması Agentliyin gündəmindəki ən kritik məsələlərdəndir. Mövcud infrastrukturda itkilərin lokallaşdırılması və qanunsuz istifadə halları ilə mübarizədə hansı addımlar atılır?
- Tamamilə doğrudur. Su itkilərinin azaldılması və su ehtiyatlarından səmərəli istifadə ADSEA-nın prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu istiqamətdə həm “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da, həm də 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında konkret hədəflər və layihələr müəyyən olunub və icrası davam etdirilir.
Hazırda inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda su itkilərinin səviyyəsi yüksəkdir. Bu itkilərin bir hissəsi kommersiya itkiləridir, yəni verilən suyun ödənişə cəlb olunmayan hissəsidir. Digər hissəsi isə ictimai bulaqlara və müəyyən ərazilərə verilən, ödənişsiz istifadə olunan sudur.
Başqa bir hissə isə fiziki itkilərdir. İlkin təhlillər göstərir ki, fiziki itkilərin həcmi kommersiya itkilərindən daha çoxdur. Bu itkilər su mənbələrindən və anbarlardan magistral xətlərə, oradan isə son istehlakçıya qədər olan şəbəkələrdə baş verir. Qəzalar və sızmalar nəticəsində yaranan itkilərin də payı kifayət qədər yüksəkdir.
Nəticədə müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə şəhərin təzyiq zonaları və magistral xətlərin istiqamətlərinə uyğun olaraq ölçülə bilən idarəetmə zonalarının yaradılması istiqamətində işlər aparılır.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Bakı, Gəncə və Şəki şəhərlərində belə zonaların yaradılması, yeni texnologiyaların tətbiqi və su itkilərinə qarşı mübarizə strategiyası hazırlanıb. Hazırda bu sənəd üzərində iş aparılır. Təbii ki, burda müasir yanaşmalar və texnologiyaların tətbiqi zəruridir.
Buna qədər gördüyümüz işlər çərçivəsində, ADSEA tərəfindən su istehlakçılarının və potensial istehlakçı obyektlərin uçotu həyata keçirilir. Hazırda 895 mindən çox tikili qeydiyyata alınıb. Bu tikililərin qeydiyyatı zamanı müəyyən edilir ki, tikili su istifadə edir, ya yox, istifadə edirsə, abonent statusu və ya müqaviləsi varmı?
Beləliklə, inventarizasiya çərçivəsində qanunsuz su istifadəsi halları aşkar olunur və bunlara qarşı sistemli tədbirlər həyata keçirilir. Xüsusi olaraq hazırlanmış fəaliyyət planları əsasında qanunsuz istifadələr aşkar olunur və mövcud qanunvericiliyə uyğun tədbirlər görülür. Dəymiş zərər hesablanır, cərimələr tətbiq edilir və zəruri olduqda su təchizatı dayandırılır. Dəymiş zərərin məbləği yüksək olduqda isə qanunvericiliyə uyğun olaraq cinayət işi başlanır.
Eyni zamanda, problemlərimizdən biri də, ADSEA-ya məxsus içməli su təchizatı şəbəkəsi olmayan, lakin faktiki olaraq su istifadəçisi olan bəzi obyektlərin uzun illər uçotdan kənarda qalmasıdır. Bu isə həm kommersiya itkilərinin artmasına, həm də ümumi su balansının düzgün hesablanmasında çətinliklər yaradır. Ona görə də hazırda aparılan inventarizasiya işləri çərçivəsində bütün istehlakçıların vahid sistem üzərindən qeydiyyata alınması, smart sayğacların tətbiqi və rəqəmsal monitorinq sistemlərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Digər mühüm məsələ isə yağış sularının idarə olunmasıdır. Bakı və Abşeron yarımadasında intensiv urbanizasiya nəticəsində təbii su axınlarının dəyişməsi müəyyən ərazilərdə subasma risklərini artırır. Qeyd etdiyimiz kimi, Dövlət proqramı çərçivəsində bu risklərin azaldılması üçün yeni kollektor xətlərinin çəkilməsi, mövcud drenaj sistemlərinin yenidən qurulması və yağış sularının ayrıca idarə olunması konsepsiyası tətbiq ediləcək.
Ümumilikdə məqsəd Bakı və Abşeron yarımadasında müasir, dayanıqlı və iqlim dəyişikliklərinə uyğunlaşdırılmış su və kanalizasiya infrastrukturunun formalaşdırılmasıdır. Bu isə həm əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasına, həm də ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək.
13 xidmət “MyGov”a inteqrasiya olunub
- Elektron Su Atlasının tətbiqi su ehtiyatlarının idarə olunmasında şəffaflığı və çevikliyi necə artırır və bu sistem qərar qəbul etmə prosesində işinizi nə dərəcədə optimallaşdırır?
- Ümumilikdə rəqəmsal transformasiya ADSEA-nın əsas prioritet fəaliyyət istiqamətlərindən biridir. Rəqəmsallaşma və rəqəmsal transformasiya üzrə tədbirlər planımız mövcuddur və fəaliyyətimiz həmin plana uyğun davam etdirilir.
Təbii ki, bu tədbirlər ölkənin rəqəmsal inkişaf konsepsiyasına və dövlət proqramlarına uyğun şəkildə aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilir. Rəqəmsal transformasiya layihələri çərçivəsində həm “Elektron Su Atlası”nın, həm də Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin yaradılması istiqamətində işlər aparılır.
“Elektron Su Atlası”nın yaradılması su ehtiyatlarından səmərəli istifadə üzrə milli strategiyaya uyğun olaraq ADSEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə həyata keçirilir.
Bu, ölkədə ilk belə layihə olacaq. Sistem elektron platforma və coğrafi informasiya sistemləri texnologiyası əsasında qurulur. Burada bütün yeraltı və yerüstü su ehtiyatları, çaylar, təbii göllər, su anbarları, yeraltı su infrastrukturu, su basma risk zonaları, suyun keyfiyyəti ilə bağlı məlumatlar, bütün su təchizatı infrastrukturu, hidroqrafiya və hidroekoloji risklər daxil olmaqla su ilə bağlı bütün məlumatlar vahid məkansal informasiya sistemində birləşdiriləcək.
Sistem statik atlas deyil, daim yenilənən rəqəmsal platforma kimi fəaliyyət göstərəcək. Yeni məlumatlar daxil olduqca vahid bazaya əlavə ediləcək və məlumatların aktuallığı təmin olunacaq. Məlumatlar toplandıqdan sonra müxtəlif elektron xidmətlər yaradılacaq və həmin platformadan dövlət qurumları, elmi-tədqiqat müəssisələri, təhsil müəssisələri və tələbələr istifadə edə biləcəklər.
Bu platforma operativlik, şəffaflıq və qərarvermə baxımından xüsusi əhəmiyyət daşıyır. Su ehtiyatlarının idarə olunması, risklərin qiymətləndirilməsi və operativ qərarların qəbul edilməsi üçün mühüm informasiya bazası olacaq.
Eyni zamanda, “Elektron Su Atlası”nın Elektron Su Təsərrüfatı İnformasiya Sistemi ilə inteqrasiyası istiqamətində də işlər aparılır. Hər iki layihə üzrə dövlət qurumları ilə birlikdə proseslərə başlanılıb.
Rəqəmsal transformasiya çərçivəsində yaradılmış elektron xidmətlərin əlçatanlığının artırılması istiqamətində də işlər görülür. Hazırda ADSEA tərəfindən təqdim olunan 14 elektron xidmətdən 13-ü artıq “MyGov” platformasına inteqrasiya olunub və vətəndaşlara həmin platforma üzərindən təqdim edilir.
Bu çox vacib istiqamətdir. Məqsəd vətəndaşların quruma gəlmədən göstərilən xidmətlərdən istifadə ilə bağlı sorğularının quruma gəlmədən aydınlaşdırılması və öz həllini tapmasıdır.
Bununla yanaşı, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində də işlər davam etdirilir. Çünki SCADA və coğrafi informasiya sistemləri kritik informasiya resursları hesab olunur və onların mühafizəsi xüsusi əhəmiyyət daşıyır.
Koordinat əsaslı məlumat bazası formalaşdırılır
- “Ağıllı şəhər” konsepti çərçivəsində su təchizatı şəbəkəsinin tam avtomatlaşdırılması hansı mərhələdədir? SCADA sistemlərinin genişləndirilməsi bu istiqamətdə hansı səmərəni verir?
- Qeyd etdiyiniz kimi, SCADA sistemlərinin tətbiqi və genişləndirilməsi su təchizatı və tullantı su idarəçiliyində geniş istifadə olunan texnologiyalardandır və bizim də əsas hədəflərimizdən biri ölkə üzrə SCADA sistemlərinin tətbiqidir. Lakin bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Çünki SCADA sistemlərinin tətbiqi bu layihələrin son mərhələsidir.
SCADA və digər avtomatlaşdırılmış idarəetmə həllərinin tətbiqindən əvvəl əsas mərhələ su təchizatı, tullantı və yağış su infrastrukturu üzrə vahid coğrafi informasiya sisteminə əsaslanan məlumat bazasının yaradılmasıdır. Biz uzun müddətdir bu istiqamətdə iş aparırıq.
Hazırda ölkə üzrə təxminən 27 min kilometr su təchizatı xətləri, 11 min kilometr tullantı su infrastrukturu, 50 min kilometrdən çox açıq və qapalı suvarma kanalları, eləcə də anbarlar, nasos stansiyaları, təmizləyici və digər hidrotexniki qurğular üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır.
Bu işlər bəzi istiqamətlər üzrə 80-90% səviyyəsində tamamlanıb. Çünki bu baza yaradılmadan SCADA sistemlərinin, hidravlik modelləşdirmə həllərinin və digər avtomatlaşdırılmış idarəetmə texnologiyalarının tətbiqi mümkün deyil. Bunlar data əsaslı texnologiyalardır və ilk növbədə dəqiq məlumat bazası formalaşdırılmalıdır.
Eyni zamanda, bu işlərin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə layihələr icra olunur. Layihə çərçivəsində SCADA, IoT və sensorlaşdırma həlləri üzrə strategiya və tədbirlər planı hazırlanıb. Bu proses qabaqcıl ölkələrin təcrübəsi və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilir.
Hazırda icra olunan layihələrdə SCADA sistemlərinin tətbiqi layihələndirmə mərhələsində nəzərə alınır. Bildiyiniz kimi, ölkə ərazisində yeni su anbarları, magistral suvarma kanalları və içməli su xətləri tikilir. Həmin layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur və bu məsələ xüsusi nəzarətdə saxlanılır.
Bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır. Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur. Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik.
Bu sayğaclar xüsusi texniki tələblərimiz əsasında istehsal olunub, informasiya sistemləri ilə inteqrasiyası tamamlanıb və hazırda test mərhələsindədir.
Ümumilikdə məqsəd su mənbəyindən son istehlakçıya qədər bütün su təchizatı sisteminin tam avtomatlaşdırılmasıdır. Bu sistem vasitəsilə təzyiqin idarə olunması, qəzalara operativ müdaxilə, itkilərin azaldılması və şəbəkənin daha səmərəli idarə edilməsi mümkün olacaq.
Yəni gələcək hədəflərlə yanaşı, hazırda həyata keçirilən bütün layihələrdə SCADA sistemlərinin tətbiqi əsas prioritetlərimizdən biridir və bu istiqamətdə işlər davam etdirilir. Bu məsələnin təməli infrastrukturun layihələndirmə mərhələsində qoyulur və bütün yeni layihələrdə avtomatlaşdırılmış idarəetmə həlləri əvvəlcədən nəzərə alınır.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı su təchizatı infrastrukturu layihələrində SCADA və avtomatlaşdırılmış idarəetmə sistemləri və ağıllı su idarəetmə həlləri artıq birbaşa tətbiq olunur. Bununla yanaşı, gələcəkdə bu sistemlərin ölkə üzrə genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla birgə strategiya hazırlanıb.
Qeyd etmək istərdim ki, hazırda 500 mindən çox abonentin sayğacı yaşayış evlərində yerləşir və bu sayğacların əməkdaşlar tərəfindən oxunması və fakturalaşdırılması zamanı müəyyən çətinliklər yaranır. Bu səbəbdən sayğac göstəricilərinin oxunması və fakturaların formalaşdırılması üçün xüsusi elektron xidmət hazırlanıb.
Bu sistemdə süni intellekt həllərindən də istifadə olunur. Belə ki, mobil telefonu sayğaca yaxınlaşdırmaqla göstərici avtomatik oxunur və dərhal şəxsin mobil tətbiqində və ya bank kartının müvafiq bölməsində faktura formalaşır.
Məqsəd bu sistemin tətbiqini genişləndirmək, sayğacların oxunması üçün əməkdaşların evlərə getməsi zərurətini aradan qaldırmaq və prosesin tam rəqəmsallaşdırılmasını təmin etməkdir. Bununla hər bir vətəndaş istifadə etdiyi içməli su üzrə göstəricini özü təqdim edə və fakturalaşdırma avtomatik həyata keçirilə bilər.
Eyni zamanda, tullantı sularının axıdılması sistemlərinə və kanalizasiya xətlərinə atılan tullantılarla bağlı da diqqətli olmaq vacibdir. Kanalizasiya xətlərinin təmizlənməsi zamanı müxtəlif qeyri-məişət tullantıları və kənar əşyalar aşkarlanır. Bu isə sistemin fəaliyyətini məhdudlaşdırır, əlavə xərclərə və ciddi problemlərə səbəb olur.
Ona görə də həm bu istiqamətdə, həm də həyat mənbəyi olan sudan qənaətlə və səmərəli istifadə olunması sahəsində maarifləndirmə işlərinin davamlı aparılması vacibdir.
SCADA sistemlərinin tətbiqi əsas prioritetlərdəndir
SCADA sistemi su mənbələrindən başlayaraq son istehlakçıya qədər bütün proseslərin avtomatik idarə olunmasını təmin edir. Buraya su anbarları, nasos stansiyaları, təmizləyici qurğular, ölçmə məntəqələri və digər infrastruktur elementləri daxildir. Həmin obyektlər üzrə bütün məlumatların vahid informasiya sistemində toplanması və idarə edilməsi nəzərdə tutulur.
Bu səbəbdən məsələyə kompleks yanaşılır və həm yeni layihələrdə, həm mövcud anbarlar, nasos stansiyaları və digər obyektlərdə, həm də son istehlakçı səviyyəsində müasir avtomatlaşdırılmış sistemlərin tətbiqi həyata keçirilir.
İqlim dəyişiklikləri fonunda yaranan qlobal risklər nəzərə alınaraq su mənbələrinin şaxələndirilməsi istiqamətində də işlər aparılır. Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramında konkret hədəflər müəyyən edilib.
Bu çərçivədə həm yeni su mənbələrinin yaradılması, həm də mövcud magistral su xətlərinin yenilənməsi nəzərdə tutulur. Məsələn, Oğuz-Qəbələ su xətti və digər magistral xətlərin yenidən qurulması planlaşdırılır ki, bunun nəticəsində Bakı və Abşeron yarımadasına verilən içməli su həcmi artırılacaq.
Bunlarla yanaşı, bildiyiniz kimi, beynəlxalq şirkətlərin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında duzsuzlaşdırma layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində ildə təxminən 100 milyon kubmetr həcmində içməli suyun istehsalı və şəbəkəyə ötürülməsi nəzərdə tutulur.
Eyni zamanda, həmin duzsuzlaşdırma zavodundan Ceyranbatan Su Təmizləyici Qurğular Kompleksinə qədər magistral su xəttinin layihələndirilməsinə də başlanılıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Bakı və ətraf ərazilərdə mövcud içməli su təminatının təxminən 25% artırılması mümkün olacaq.
Bununla yanaşı, alternativ su mənbələrinin yaradılması, həmçinin sudan təkrar emal və təkrar istifadə istiqamətində də layihələr həyata keçirilir.
Bakıya verilən içməli su həcmi artırılacaq
- İqlim dəyişikliyi fonunda yaranan quraqlıq riskləri qarşısında alternativ su mənbələrinin - tullantı sularının təkrar emalı, dəniz suyunun şirinləşdirilməsi - şəhərsalma strategiyasına inteqrasiyası hazırda hansı mərhələdədir?
- Dövlət proqramı çərçivəsində təxminən 100 il bundan qabaq tikilmiş Şollar xəttinin və mənbə qurğularının yenidən qurulması nəzərdə tutulur ki, bunların nəticəsində həmin xətlər üzrə Bakı və Abşeronda yarımadasına verilən suyun həcminin artırılması təmin olacaq. Bununla yanaşı, alternativ su mənbəyi kimi yuxarıda qeyd etdiyimiz duzsuzlaşdırma layihəsi həyata keçirilir. Bu, beynəlxalq şirkət ilə birgə dövlət-özəl tərəfdaşlığı prinsipinə əsaslanan bir layihədir.
Bununla yanaşı, alternativ su mənbələrinin yaradılması, həmçinin tullantı sularının təkrar emalı və təkrar istifadəsi ilə bağlı layihələrimiz mövcuddur. Bu, Milli Su Strategiyasında qarşıya qoyulmuş əsas hədəflərdən biridir.
Hövsan Təmizləyici Qurğular Kompleksinin yenidən qurulması layihəsi üzrə Asiya İnkişaf Bankı ilə birgə işlərə başlanılıb. Layihənin icrası nəticəsində tullantı sularının təmizlənməsindən sonra onların təkrar istifadəsi, o cümlədən kənd təsərrüfatında və sənayedə istifadəsi mümkün olacaq. Hazırda bu sular təmizləyici qurğular kompleksində təmizlənərək dənizə buraxılır.
Çirkab suların emalı və təkrar istifadəsi istiqamətində layihələr digər şəhər və bölgələrdə də nəzərdə tutulur.
Sayğac göstəriciləri ilə bağlı elektron xidmət hazırlanıb
- “Şəhərsalma və Memarlıq İli” çərçivəsində su ehtiyatlarına qənaət mövzusunda hansı maarifləndirmə kampaniyaları nəzərdə tutulur və vətəndaşların bu prosesdə rolu nədən ibarətdir?
- “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu istiqamətdə tədbirlər planı təsdiqlənib və mərhələli şəkildə həyata keçirilir. Layihələr müvafiq universitetlər, elmi-tədqiqat müəssisələri, ictimai təşkilatlar və beynəlxalq tərəfdaşlarla birgə icra olunur.
Sosial media kampaniyaları, yerli və Azərbaycanda təhsil alan xarici tələbələrlə layihələr həyata keçirilir. Xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə bu istiqamətdə müxtəlif təşəbbüslər reallaşdırılıb.
“Dayanıqlı şəhərlərin su təhlükəsizliyi”, “İçməli su təchizatı və suvarma sistemlərinin dayanıqlı idarəedilməsi” mövzularında tədbirlər keçirilib, Azərbaycanda təhsil alan xarici tələbələr və qonaqlar üçün Hövsan Təlim və İnnovasiyalar Mərkəzinə, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiyalar təşkil olunub.
Bundan başqa, “İqlim dəyişmələri və şəhər su ekosistemləri” mövzusunda dəyirmi masa keçirilib, WUF13 çərçivəsində “Müasir şəhərlər və su təsərrüfatı” mövzusunda tədbirlər təşkil olunub. Eyni zamanda, Birləşmiş Millətlər Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Qlobal Su Akademiyası (UGWA) və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun (SMETİ) birgə təşkilatçılığı ilə “Su-Ağıllı Şəhərlər: Potensialın inkişaf etdirilməsi ilə şəhər dayanıqlılığının gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Qeyd etmək istərdim ki, ictimai iştirakçılıq və ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır. Sudan qənaətlə istifadə olunması ilə bağlı davamlı maarifləndirmə işləri aparılır. Bununla bağlı videoroliklər hazırlanaraq mediada yayımlanıb.